Əgər insan, xüsusən də uzun illər ərzində qəbizlikdən əziyyət çəkirsə, onun bağırsağı normal şəkildə fəaliyyət göstərə bilmir, qidanın tərkibində olan vitamin və mineral maddələrin mənimsənilməsi xeyli dərəcədə çətinləşir, nəticədə maddələr mübadiləsi pozulur.
Digər tərəfdən, qəbizliyin xroniki forma alması nəticəsində orqanizmdə xeyli miqdarda toksinlər, şlaklar, zəhərli maddələr də yığılır. Qana sovrulan bu maddələr orqanizm boyunca yayılaraq bütün orqanları zəhərləyir, sinir sistemini, hətta beyini də zədələyirlər. Ona görə də xroniki qəbizliklər bəzi hallarda, sanki onlarla heç bir əlaqəsi olmayan patoloji halların – güclü baş ağrıları, yaddaş pozğunluğu, həddindən artıq əsəbilik, və hətta qocalıqdakı ağıl zəifliyi kimi əlamətlərin baş verməsinə səbəb olurlar.
Xroniki qəbizliklər qaraciyərə ciddi zərər vururlar! Məsələ bundadır ki, bu orqanın əsas vəzifələrindən biri – orqanizmdə olan toksinlər və digər zərərli maddələri zərərsizləşdirərək onları bədəndən xaric etməkdən ibarətdir. Bu maddələr bədəndə xeyli dərəcədə çox yığıldıqda (qəbizliklər nəticəsində) qaraciyər də həddindən artıq dərəcədə yüklənərək zədələnir. Qaraciyərdə xəstəlik olduqda bu daha da təhlükəli olur.
Yoğun bağırsaqda xərçəngin əmələ gəlmə səbəblərinin araşdırılması zamanı tədqiqatçı alimlər belə bir nəticəyə gəlmişlər ki, xroniki qəbizliklər də bu qorxulu xəstəliyin inkişaf etməsinə təsir edə bilər. Məsələ bundadır ki, bizim bütün həyatımız boyu, mədə-bağırsaq sistemindən minlərlə kanserogen (xərçəng xəstəliyinə səbəb ola bilən) maddələr keçir.
Aydındır ki, qəbizlik olduqda bu zərərli maddələr orqanizmdə daha uzun müddət ərzində qalırlar. Onlar orqanizmdə nə qədər çox qalırlarsa, xərçəngin inkişaf etmə ehtimalı daha artıq olur. Yaşlı adamlarda bu risk daha çox olur. Axı onlarda xroniki qəbizlik daha çox təsadüf edilir. Buna görə də onların xərçəngə tutulma təhlükəsi daha yüksək olur.
Mənbə Sağlamol